![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Güney Azərbaycanın Milli Hərəkatına bir baxış!
Güney Azərbaycan milli hərəkatı bütün ziyalıların birləşməsini istəyərək, onların siyasi məntiqi gücünə söykənməlidir və bu yolda keçmişdə olan səhvlərdən müsbət nəticə almalıyıq. Güney Azərbaycanın Milli Hərəkatına bir baxış!
Güney Azərbaycan və orada yaşayan Azərbaycan milləti siyasi baxımdan İran adlanan ölkənin sisteminə bağlı bir toplumdur və İranın iqtisadi-siyasi münasibətləri başqa ölkələr ilə, habelə İran adlanan ölkədə ictimai-siyasi olayları birbaşa Azərbaycan millətinə təsirin göstərir. Son illərdə Amerika(ABŞ) və Qərb dövlətləri tərəfindən İran islam hakimiyyətinə qarşı qoyulan iqtisadi sanksiyalar daha da güclənir, ancaq bu sanksiyalar İranda insan haqlarının pozulması ilə heç əlaqəsi yoxdur, bəlkə İranın nüvə enerji proqramı ilə məşğul olması və atom bombasının təkmilləşdirilməsi ilə əlaqələndirilir! Təəssüflər olsun ki, biz Azərbaycanlılar Qərb və Birləşmiş Ştatları siyasi-iqtisadi planları ilə tanış deyilik, ancaq bəzən siyasi baxıcı kimi həm Azərbaycana həm qonşu ölkələrə və həm də dünyanın siyasi olaylarına görə düşüncəmizi bölüşüb, proqnoz veririk. Belə çıxır ki, əgər İran islam hakimiyyəti Atom enerji ajansi ilə anlaşsa və Qərb ölkələrinin maraqlarını yerinə yetirsə nə sanksiyalar baş tutar və nə də İran rejimi Amerikanın(ABŞ) qara siyahısına düşər. Atom enerjisi və bombasının nə qədər təbiət və insan həyatına təhlükəli olduğunu Hiroşima, Naqasaki və Çernobil və başqa dəhşətli faciələrdən öyrənmək olur və bu gün sağlam insan ağlı atom qüvvəsini rədd edir. Əslində Amerika və Qərb ölkələri keçən 30 ildə İran islam hakimiyyətinin aqresiv (təhacümi) siyasətindən olduqca sui-istifadə edib, zəngin Ərəb ölkələrinə saysız həddə silah satıblar. Bu yerdə belə sual yaranır ki, görəsən İran hakimiyyəti sülhsevər və demokrat hakimiyyət olsa idi, Qərb və ABŞ zəngin Ərəb ölkələrini İsrailə qarşı silahlandırıb, İsrailin varlığının təhlükəyə salınmasına imkan verərdimi? ABŞ və Qərb məntəqəmizdə demokratik sistemlərin yaranmasından çox öz iqtisadi maraqların axtarılar, ancaq hər neçə ildən bir orta doğu və bizim məntəqəyə yeni sistemlərin yaranmasının planların tökürlər, haçan orda yaşayan millətlər öz əzm və iradəsi ilə milli demokratik sistem quracaqlar, onu da Tanrıdan qabaq ABŞ bilir amma izin vermir!!! İran və məntəqədəki dövlətlərdən hər nə gözləmək olar, çünki bu ölkələrdə istisnasız diktator sistemlər hakimdir və ictimai-siyasi şərait sabit deyil. Eyni zamanda bu qonşu ölkələr Avropa standartlarına uyğun qarşılı iqtisadi-siyasi və ictimai münasibətlər bəsləmirlər və qərb ölkələri də bu ağılsız və oyuncaq hakimiyyətlərin iqtisadi-siyasi maraqlarını yerinə yetirir! İran adlanan ölkədə qeyri demokratik şəraitdən əlavə qeyri-fars millətlər ibtidai və doğal haqlarından məhrumdurlar və heç bir fars ziyalısı bu kültürel cinayətlərə qarşı etiraz etməyib və etmir ! İran, bir ölkə ki, adi (konvensiyonel) silah və hətta belə güllə istehsalına acizdir, qısa zamanda 2000 kilometr uzağı vuran raket istehsalına nail olub və gündən günə bu raketlərin məsafəsi artır və NATO qorxudan Rusiyanın qərbi sərhədlərinə raket müdafiə sistemi yerləşdirib! Çox gülməlidir, necə? Bəlkə pərdə arxasında mürəkkəb oyunlar var və biz xəbərsizik? NATO tərəfindən Rusiyanın qərbi sınırlarında yerləşən raketdən müdafiə sistemi bu korrupt rejimin etirazına səbəb olub və cavab olaraq, NATO İranın raketlərinin təhlükəsini dəlil gətirir! Savadlı adamlara yox, ancaq mənim kimi savadsız adama belə bir sual araya gəlir, görən bu nə işdir ki, 30 ildir İran hökuməti və Amerika Birləşmiş Ştatları bir birinə qarşı hərbə-zorba gəlməklərinə baxmayaraq, aralarında bir dəfə də olsun hərbi toqquşma baş verməyibdir? Paradoksal görünsə də, belə qənaətə gəlmək olar ki, bəlkə təsadüfən qonşu ölkələrin siyasətinin müəyyənləşməsində Amerika və İranın siyasi maraqları üst-üstə düşür? Quzey Azərbaycanda Amerika və Qərb erməniləri dəstəkləyir, İran da həmçinin! İraqda qondarma Talibani-Maliki hökuməti və Quzey Kürdüstan muxtar hakimiyyətini İran müdafiə edir, Amerika və Qərb də bu sistemləri yaradıb!! Əfganistanda keçən 30 illik vətəndaş müharibəsi ərzində Qızıl orduya qarşı İran və Amerika Taliban və Mücahidləri birbaşa silahlandırıb, dəstəkləyirdilər və indi də prezident Karzay hər iki ölkədən yardım alır! Amma yazıq Fələstin milləti xəbərsizdir ki, İran islam hakimiyyəti milyonlarla xuzistanda yaşayan ərəblərin Quran dilindən olan dilinə qadağa qoyub və Ərəb məktəblərinin açılışına izn vermir! Ancaq İran hakimiyyəti Fələstin və Livanda yaşayan şiələri aldadaraq, özünü Ərəblərin hamisi göstərib, dolayısı ilə İsrailin siyasətini həyata keçirir və Fələstin məsələsi uzanır !! Ziyalı Azərbaycanlılar dünyanın siyasi-iqtisadi problemlərindən çox danışsalar da, onların həlli bizə aidiyyəti yoxdur və bunun üçün imkanlarımız da yetərli deyildir, çünki Azərbaycanın(Güney-Quzey) problemi həm çox və həmdə mürəkkəbdir və biz yaxşı siyasət bilən olsa idik, öncə öz millət və ölkəmizin dərdinə çarə tapardıq !! Görəsən bu hansı siyasi bilgi və çatışmamazlıqdır ki, biz Azərbaycanlıları siyasi baxımdan müflis çıxarıb və hətta belə 21 ci əsrdə köləlik şəraitində yaşadır? Atalardan miras qalmış ölkəmiz neçə yerə bölünüb, millətimiz müxtəlif yad kültürlər arasında yaşayaraq, milli mənliyinə və torpaqlarına yiyə durmur! Bir qismi asimilə olunubdur. Gəlin öncə Güney Azərbaycan yaşadığımız ölkədən siyasətə qovuşub fəaliyyəti başlayaq, ona görə ki, iməkləməmiş yerimək bizə çətin olacaq. Dünya Türklərindən öncə Güney Azərbaycanın taleyi bizi maraqlandırmalıdır və Güney Azərbaycanın problemlərini həll etmədən, beynəlxalq problemləri aradan qaldırmaq bizə yaraşmaz və siyasi səlahiyyətimizi şübhəyə salar. Güney Azərbaycanın siyasi düyünlərini açmağa bacarıqlı və realist siyasətçi lazımdır ,dostu, düşməni tanıyıb, bir birindən ayırmaq, yad dövlətlərin stratejik maraqların anlayıb, onlara qarşı məntiq ilə siyasi reaksiya göstərməliyik, amma hər şeydən öncə bizə siyasi BİRLİK gərəkdir! Təəssüflər olsun ki, keçmişdəki siyasi yad ideologiyalardan ayrılmadan, vətən və millətimizə ürəkdən sevgi olmadan, Azərbaycan, Azərbaycan deyib mübarizə metodlarını məntiq ilə uyğunlaşdırmadan öz- özümüzə siyasi zərbələr vurub, siyasi və milli səlahiyyətimizi sual altına gətirmişik !! Güney Azərbaycanın milli hərəkəti zəif olsa da, qurtuluş yolu uzanıb, gec olsa da , milli birlik bizə lazımdır ta ki, mədəni fəaliyyətimiz ilə qurtuluş mübarizəmi son məqsədə çatdıraq, baxmayaraq ki, Azərbaycanın milli fəallarına qarşı müxtəlif təxribat və cəfəng təbliğat var! İran adlanan yerin siyasi müxalifət qüvvələri ilə müqayisədə Güney Azərbaycanın milli hərəkatı və mədəni mübarizəsi bütün çətinlik və təxribata baxmayaraq güclüdür, ancaq hələlik lazımı qədər güclü təşkilat olmamışdır və onun zəif duruma gəlməsində günahı əsas özümüz axtarmalıyıq! Güney Azərbaycanın milli hərəkatı müxtəlif səbəb, siyasi təxribat, səhv hərəkət və başqa illətlərə görə geriyə qalıb və onun geriyə qalmasına əsas siyasi ziyalıların özü zəmin yaradıb. Yaşadıqları yerdən asılı olmayaraq, Azərbaycan ziyalısı müxtəlif siyasi düşüncəyə malikdir və əsas onu üç(3) passiv və ya aktiv fəaliyyət göstərən qola bölmək olar! Birinci bölüm, Güney Azərbaycanlıların ziyalılarının əksər hissəsi İran adlanan ölkənin içində asimilə olub, İranın siyasi sistemini özünə doğma sanır və orada olan hakimiyyətlərin qulluqçusu kimi fəaliyyət göstərir. İkinci bölümü İranın siyasi-ictimai sistemini rədd edib, müxtəlif siyasi ideologiyaya inanaraq, keçən 30 ildə gah aktiv şəkildə fəaliyyət göstərib, zindan ,işgəncə və edamlara məruz qalandan sonra içəridə qorxu ilə yaşayaraq, gizli və passiv fəaliyyətin azadlıq yolunda davam etdirir. Güney Azərbaycanda siyasi fəaliyyət müxtəlif maneələr səbəbindən nə kütləvidir və nə də vahid siyasi hədəf və məqsədə uyğun gəlir. Qısa və aydın desək, İran adlanan ölkədə və onun tərkibində olan Güney Azərbaycanda güclü siyasi təşkilat qurub və onun platforma üzəri fəaliyyət göstərməsi çətin olduğuna görə mübarizə metodları da bir-birindən fərqlənir. Sadə dildə desək Güney Azərbaycanda siyasi təşkilatların dağınıqlığı və onların bir birindən fərqli hava çaldığına görə kütləni ictimai-siyasi etirazlara qovuşdurmaq uğursuz olub. İranın siyasi sisteminin dəyişdirməyə insani potansial gərək isə də, o da tapılmır, ona görə ki, bundan əvvəl İran üçün Azərbaycanlılar inqilabların ilk sıralarında dururdular, ancaq belə görünür ki, milli varlıqlarını uduzan Azərbaycanlılar bir daha da şovinist fars və xarici qüvvələrin siyasi hiylələrinə uymayacaqlar! Xalqımızın yolundan azmış Mücahidlər, Fədayi əqəlliyyət və əksəriyyəti,Tudə partiyasi, şahpərəst və cebheyi-milli və son illərdə də hakimiyyətindən ayrılan Yaşılları da belə İranın siyasi avangardlarına əlavə olur !! Ziyalı Güney Azərbaycanın üçüncü və önəmli bölməsi mühacirətdə yaşayır, hər cürə qələm azadlıqdan faydalanır və bunların çoxu zaman-zaman milli hərəkətə qovuşublar, ancaq bu dostların siyasi keçmişləri və siyasi xəstəliklər bu önəmli gücün fəaliyyətinə mane olur! Bu bölümün hər kiçik və yeni yaranan təşkilatlarda rəhbərlik davası, bir birini şübhə ilə yanaşmaları, qurum və dostbazlıqları, Güney Azərbaycan toplumuna qeyri real baxışları, və siyasi xəyallarda yaşayıb səhv əməlləri milli hərəkətimizin zəiflənməsinə səbəb olub. Eyni zamanda bu dostların məqam axtaranları bəzi tribunlardan sui-istifadə edərək, səhv siyasi proqnoz verib, qeyri mədəni və məntiqsiz danışıqları Güney Azərbaycanın milli hərəkətin varlığına xal salmışdı! Milli hərəkəti pantürkist göstərənlər, Azərbaycan hərəkatın xəyali görənlər, mədəniyyətdən kənar danışanlar, daxildəki ziyalı və bütün bizdən olan Azərbaycanlılara qılınc çəkib, xain adı qoyanlar , habelə insan haqlarını unudub Qərb və Amerikanın hərbi müdaxiləsinin arzusunda olanlar Güney Azərbaycanın milli hərəkatının adından sui-istifadə edərək, bilər bilməz milli mədəni mübarizəmizi gözdən salmağa çalışmışlar! Fransada yaşayan Azərbaycan ziyalısı İranın toplumunu Fransa toplumu sanıb, Almaniyada yaşayan Alman toplumu, Amerikada yaşayan dostlar Amerika toplumu ilə ölçüb biçənlər və istənilən qərb ölkəsində mühacirətdə yaşayan hər bir soydaşımız o ölkənin siyasi-iqtisadi və hətta belə ictimai azadlığını İran və Güney Azərbaycan üçün arzu edərək, xəyallarında güney Azərbaycan milləti üçün gözəl toplum qursalar da, əməldə millətinin azadlığa çıxmasını illərlə geriyə atmışdır! Çünki reallıqla yaşamırlar. İran adlanan yerdə molla iqtidarından bezən farslar yalnız siyasi-ictimai azadlıq istəsələr də, qeyri fars millətlərin milli siyasi fəalları azadlıq ilə yanaşı milli hakimiyyətin quruluşuna önəm verib və milli qurtuluş yolunda mübarizə edirlər. Keçən 20 ildə Güney Azərbaycanın milli hərəkatı oyanış dövrünə qədəm qoymuş və bütün daxili-xarici təxribat və mənfi təbliğata rəğmən danılmaz şəkildə güclənibdir, ancaq təəssüf ki, müxtəlif maneələr üzərindən və qısa saydığım öz səhvlərimizə görə kütləvi təşkilat olmamışdır! Güney Azərbaycanın qurtuluş yolun düz tapıb ,düz tutub və uğur ilə başa vermək üçün, gərək keçmişdəki səhvlərimizdən dərs alıb, mədəni və məntiq ilə milli mübarizəmizi davam etməliyik. Bu yolda bizə millətimizin ziyalısının o gücü gərəkdir ta kütlə inanıb hərəkətə gələ və ağıl ilə milli siyasi davranışlarımıza diqqət etməliyik. Güney Azərbaycanın milli hərəkatı şovinist İran Fars hakimiyyəti tərəfindən olunan milli zülmlərə qarşı mübarizə edir və barış yolu ilə Fars hakimiyyətin şovinist və murdar siyasətinə son qoymaq istəyir. Güney Azərbaycanın milli hərəkatı mədənidir, öz millətinin gücünə söykənir, məntəqədə birlik bərabərlik və barışı bəsləyir və qonşu millətlər ilə dostluqda yaşamanın tərəfdarıdır. Güney Azərbaycanın milli hərəkatı məntəqəmizdə gərgin yaradan, öz iqtisadi maraqlarını axtaran yalançı Qərb və ABŞ dövlətlərin məkrli siyasi planların rəd edir, hər ad və bəhanə ilə olursa olsun. Sonunda papa 16 ci Benedikin müşavirinin bir cümləsini xatırlatmaq istəyirəm! “Papanın müşaviri bir televiziya verilişində Vatikanın siyasi gücü ilə əlaqədə belə dedi, ”Bilirsiniz, dünya ideologiyalar arasında bölünmür və onların əyyamı keçib, artıq dünya dini inanclar(inam) arasında və onların maraqlarına görə bölünür!!! Güney Azərbaycanın ziyalısı və Azərbaycan milləti qonşu millətləri ilə müqayisədə bütün dini inamlara dildə və əməldə hörmət ilə yanaşıb, fərq qoymasalarsa, Qərb və xristian dövlətləri geriyə qalan İslam ölkələrinə dildə bəlkə yox ,amma əməldə nifrət edərək, apardığı siyasət və yaratdıqları müxtəlif müharibələr ilə, gündə minlərcə günahsız uşaq, cavan, qoca insanın ölümünə səbəb olurlar. İraq, Əfqanıstan, Liviya ,Pakistan və sair Müsəlman ölkələr göz önündədir, ona baxmayaraq ki, bu ölkələrdə siyasət səhvdir və diktatorlar hakimdirlər, ancaq Qərb dünyası hansı bu cinayətlərə izin verir və bilərək yaradır. Güney Azərbaycan milli hərəkatı bütün ziyalıların birləşməsini istəyərək, onların siyasi məntiqi gücünə söykənməlidir və bu yolda keçmişdə olan səhvlərdən müsbət nəticə almalıyıq. Bulut Yanvar 2012 Bu haber 273 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||