- Türkiyədə bəzi iqtisadi analitiklər belə fikir bildirirlər ki, Türkiyə-Ermənistan sərhədləri açılarsa, bir necə il ərzində iki dövlət arasında ticarət dövriyyəsi 200 milyon dollara çatacaq.
Sizcə, bu rəqəm reallığı əks etdirirmi?
- Təbii ki, ticarət, alış-veriş çox yaxşı amildir. Amma, Ermənistan və Türkiyə arasında olan bu məsələ təkcə iqtisadi faktorla şərtlənmir, bu məsələyə tarixi, mədəni, siyasi və Azərbaycan faktoru nöqteyi-nəzərindən dəyərləndirməyə böyük ehtiyac var.
Bir-iki milyonluq Ermənistanla Türkiyənin quracağı ticarətdən qazancı 30-40 milyon dollar ola bilər. Amma, sərhədlər açılarsa nələr baş verə bilər?
Ermənistan Qarabağdan çıxmaması üçün imkanlara sahib olacaq, hakimiyyətinin mövqelərini gücləndirəcək. Əsas da Azərbaycanla olan mədəni, siyasi və iqtisadi, qardaşlıq münasibətləri zədələnər və hətta, Azərbaycanı itirə bilərik.
Bu baxımdan sərhədlərin açılması mümkün deyil. Türkiyədə bəzi analitiklər var ki, guya sərhədləri açılacağı təqdirdə ticarət dövriyyəsinin 600 milyon dollara qədər çatacağını proqnozlaşdırılar. Bu yanlış statistikadır. 9 milyonluq qardaş Azərbaycanla olan bütün əlaqələrimizə baxmayaraq, 2005-ci ildən sonra xarici ticarət dövriyyəsi 500 milyona çatdı. Bu, baxımdan məsələyə yanaşsaq yanlış informasiyalarla insanlarımızı aldatmaq olmaz.
İkincisi, Ermənistanla sərhədlər açılarsa, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddiaları, qondarma soyqırımın tanınması məsələsi və Qarabağı azad etməyəcək. Burada sərhədləri açmaq, Ermənistanın əlinə əlavə kart vermək deməkdir.
- Bir necə il bundan öncə Serj Sarkisyan “The Street Wall” dərgisinə verdiyi müsahibədə Türkiyə-Ermənistan arasında olan ticarət dövriyyəsinin 250 milyon dollara çatdığını qeyd etmişdi. Bu haqda nə deyə bilərsiniz?
- Bu yanlış açıqlamadır və hətta Türkiyədə də bu fikri yayan qruplar, mərkəzlər var. Belə fikir bildirirlər ki, onsuz da əlaqələrimiz var, nə üçün sərhədlər açılmasın. Onlar belə əsaslandırırlar ki, İran və Gürcüstan vasitəsilə əlaqələr qurulub, mallar satılır. Əgər, elə bir şey varsa burada Türkiyənin itirəcəyi heç nə yoxdur. Türkiyə öz mallarını satır. Söhbət birbaşa ticarət əlaqəsindən getmir.
Burada təhlükəli olan məqam odur ki, bu fikirlər və söhbət sərhədlərin açılmasına hesablanıb. Türkiyənin itirəcəyi çox şey ola bilər. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan kimi qardaş və strateji əlaqələr malik olan dövləti itirəcəyik. Bu gün İran-Ermənistan əlaqələri ola bilər, amma sabah İranda hansı hadisələrin baş verə biləcəyini heç kim deyə bilməz. Nəzərə almaq lazımdır ki, İranın yarısı türklərdən ibarətdir.
- İran-Ermənistan əlaqələrinə toxundunuz. İrana qarşı müharibə başlayacağı təqdirdə, bu İranla geniş əlaqələrə malik olan Ermənistan üçün nələr vəd edir?
- İran Ermənistanla əlaqələr qurmağa məcburdur. İran Ermənistan vasitəsilə öz siyasi maraqlarını həyata keçirmək istəyir. Bu gün İran, Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından narahatdır və üstəlik, bu əlaqələrin öz içində yaşayan türklərə müsbət təsir edəcəyi qorxusu var. İran bu amillərə görə, Ermənistana dəstək verir, Qarabağ məsələsində də İranın Ermənistanın yanında olması bununla bağlıdır və İran Ermənistanı kart kimi istifadə edir.
- Hazırda Türkiyə-Azərbaycan arasında olan iqtisadi əlaqələri necə dəyərləndirirsiniz?
- İki qardaş ölkə arasında əlaqələrin inkişafını normal dəyərləndirmək olar. Amma, bu əlaqələr istədiyimiz şəkildə deyil. Bunu daha da inkişaf etdirmək mümkündür. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara çatır. Düşünürəm ki, bu əlaqələri 4-5 milyard dollara çatdırmaq potensialımız var. Xüsusilə, gömrük keçid məntəqələrində sadələşdirməyə üstünlük vermək və bır sıra imtiyazları gerçəkləşdirməklə əlaqələri stimul vermək olar.
Bir neçə ay bundan öncə İzmirdə imzalanan saziş və bu günlərdə “TransAnadolu” qaz kəmərlərinin çəkilişinə dair müqavilənin imzalanması inkişafımızı daha da sürətləndirəcək. Əsasən də, Naxçıvan-Türkiyə əlaqələrinin inkişafına önəm verilməli və İğdır-Naxçıvan iqtisadi mərkəz halına gətirmək lazımdır. İstehsal olunan mallar qarşılıqlı olaraq bir-birlərinə satılmalıdır.
- Bu gün Azərbaycanın bölgədə olan nüfuzunu necə görürsünüz?
- Azərbaycan Qafqazın parlayan ulduzudur və gələcəkdə də bu inkişaf iqtisadi, siyasi baxımdan daha da sürətlənəcək. Çünki Azərbaycanın malik olduğu enerji ehtiyatları onu dünyanın ən inkişaf etmiş dövlətləri sırasına qatacaq. Ölkənin ümumi daxili məhsulunun həcmi artmaqdadır.
Üstəlik, Azərbaycanı bölgə və dünyada dəstəkləyən, onun arxasında dost və qardaş kimi dayanan Türkiyə kimi güclü dövlət var. Azərbaycan türk dünyası ilə əlaqələrini güclü şəkildə qurduqdan sonra da, bu potensial daha da inkişaf edəcək və qısa zaman kəsiyində dünyanın söz sahibinə çevrilən dövlət halına gələcəyini əminliklə görürəm.
Elnur Eltürk
Gün.Az