![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Vahid Aslan: <Bütöv Azərbaycan ideologiyası yaradıcılığımın ana xəttini təşkil edir>-Müsahibə
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Müəllim sözü" qəzetinin baş redaktoru (sərdəbir), yazıçı-publisist Vahid Aslandır. - Vahid bəy, bu gün qərbdə ədəbi proses cəmiyyətin inkişafında mühüm təsirə malikdir. Xüsusilə, maraqlı ədəbi əsər cəmiyyəti silkələyər, geniş diskussiyalara (fikir mübadiləsi) səbəb olar və s. Sizcə, bizdə niyə belə bir proses (sürəc) yaşanmır?
- Nəzərə alsaq ki, yaşadığımız dövr özü qlobal (kürəsəl) mənada “İnformasiyalar müharibəsi” dövrüdür, onda sözün gücünü, dolayısıyla ədəbi əsərin gücünü daha yaxşı anlayarıq. Əlbəttə ki, söhbət sırf demokratik və sözün, fikrin azad olduğu cəmiyyətdən gedir. Demək belə bir cəmiyyətdə yazıçı da azad olur və rastlaşdığı problemi azad sözün və istedadının hesabına diqqət çəkən hadisəyə çevirə bilir. Beləliklə yuxarıdan aşağı mövcud cəmiyyətin bütün zümrələri yazarının ortalığa qoyduğu əsərlə hesablaşmağı özünə borc bilir ki, bu da həmin cəmiyyətin özünün tezliklə əsərdə qabardılan problemlərdən azad olub, inkişaf etməsində mühüm rol oynayır. İndi gəlin haqqında danışmaq istədiyimiz cəmiyyətlə, mühütlə bizim azərbaycan cəmiyyətini və ədəbi mühütini müqayisə edək. Elə buradan da sizin sualınızın riyazi dəqiqliklə hesablanmış cavabını alardıq.
- Yaradıcılığınızda Bütöv Azərbaycan ideologiyası hansı yerdə durur və bu gün bu ideologiya ədəbiyyatımızda yetərincə özünə yer qazanıbmı?
- Mənim yaradıcılığıma az-çox bələd olanlar bilirlər ki, bu mövzu mənim düşüncələrimin o cümlədən əsərlərimin ana xətti olub. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, bu sualı mənə heç də təsadüfi vermədiniz. Hələ 1989-cu ildən yəni Dağlıq Qarabağ hadisələrinin başlandığı dövrdən, eləcə də o zamankı sovet (şurəvi) ideologiyasının çürümə ərəfəsində olduğu dövrdən başlayaraq, milli ruhda şeirlər yazırdım. 90-cı illərin əvvəllərindən başlayaraq bu yazılar mənim üçün sistemləşdi və geniş həcmli əsərlər yazmağa başladım. O zamanlar hələ tələbə idim və mətbuatda yetərincə olmasa da çap olunurdum. Elə həmin dövrlərdən də məni milli ruhda, azərbaycanın azadlığı və bütövlüyü ruhunda yazan bir yazar kimi tanıyırdılar. Elə ilk kitabıma ön söz yazmış Elçin İsgəndərzadə də haqqımda bu yönümlü fikirləri daha çox qabartmışdı. O ki, qaldı sualınızın digər hissəsinə, hesab edirəm ki, Abbas Abdulla demiş, mənim yaradıcılığım ədəbi mühitdə yetərincə sərgilənməyib və layiq olduğu yeri tutmayıb. Necə deyərlər, inşəallah zaman hər şeyi və hər kəsi öz yerinə qoyacaqdır.
- Bəzən belə fikirlər eşidirik ki, dünya qlobollaşır (kürəsəlləşir), vahidləşir, hamı bir ailənin üzvü olur... Belə olan halda milli ədəbiyyat da öz vəzifəsini başa vurmaqdadır. Siz, bu fikirlə razılaşırsınızmı?
- Qloballaşma qaçılmazdır və bu zamanın özünün tələbidir. Əslində isə mən qloballaşmanın deyil, kütləviləşməyin əleyhinəyəm. Çünki fikrimcə şüurun və ağılın daşlaşdığı yerdən məhz kütləviləşmə başlayır. Vahidləşmə və ya hamının bir ailənin üzvü olması da hələ sırf qloballaşmanın məhsulu deyildir və bu tamam başqa bir mövzunun söhbətidir. Yəni qloballaşmanın müəllifi daha çox zamandırsa və bu təbii prosesdirsə, vahidləşmə daha çox kütləviləşməyə yaxın olan bir anlayışdır və mahiyyətcə avtoritar (müstəbid) rejimin məhsuludur. Hansı ki, biz keçmiş SSRİ-nin (Şurəvi) timsalında belə bir ailənin sonrakı faciələrini yaşadıq və hələ də yaşamaqdayıq. Elə ədəbiyyat özü də mənsub olduğu cəmiyyətin bir üzvü olduğundan kütləviləşmə hər zaman ədəbiyyata sağalmaz yaralar vurub. Neçə-neçə istedadlı yazar zaman keçdikcə bu yaraların ağrısını çəkib. Qaldı ki, qloballaşma və milli ədəbiyyat məsələsinə, deməliyəm ki, qloballaşma milli ədəbiyyatın sonu demək deyildir. Əksinə qloballaşma müəyyən mənada həm də milliləşməyə təkan verən bir prosesdir. Əlbəttə ki, tarixi kökü daha dərin olan və ənənələri daha zəngin olan xalqlar qloballaşma dövründə üstünlük əldə edirlər və başqalarına özünü diqtə edən tərəfə çevrilirlər. Bütün bunlara rəğmən mən qloballaşmadan qorxmuram və inanıram ki, milli dəyərlərimizə mənfi mənada elə də təsir etməyəcəkdir. Milli ədəbiyyatımız bu ərəfədə layiqli bir inkişaf dönəmi yaşayacaqdır.
- Məsələn, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmamasının səbəblərini bu amillə də bağlayırlar ki, ədəbi əsərlərimiz daha çox millidir və buna görə də dünya ədəbi prosesindən kənarda qalıb...
- Görürsünüzmü, siz ozünüz təsdiq edirsiniz ki, ədəbiyyatımız qloballaşmaya məhəl qoymadan milliliyini saxlayır. Bax elə bu cəhətin özü bizi sevindirməlidir. Necə deyərlər, hər kəs olduğu kimi görünəndə daha maraqlı və daha güclü olur. Belə deyək, əgər amerikalı azərbaycansayağı əsərlər yazmaq istəmirsə, biz niyə amerikansayağı əsərlər yazmaq üçün özümüzü zorlayaq. Nədi, nədi bəlkə “Nobel” mükafatı alarıq, deyəmi?.. Nəzərə alsaq ki, dünyanın hər hansı bir nöqtəsində istedadla yazılmış əsər internet vasitəsilə öz oxucusunu tapa bilir, onda elə yazar üçün ən böyük mükafat həmin oxucunun sevgisidir. Bu baxımdan azərbaycan ədəbiyyatı elə təkcə Çingiz Abdullayevin timsalında dünya ədəbiyyatında özünəməxsus yeri tutub. Qaldı ki, dünya ədəbiyyatı düzənində azərbaycan ədəbiyyatının o qədər də geniş əraziyə malik olmamasına bu təkcə ədəbiyyatımızın və ya yazarlarımızın günahı deyildir. Burada heç kimə gizli olmayan başqa amillər də vardır...
- Səmimiyyətinizə və dolğun cavablarınıza görə təşəkkürümü bildirirəm.
- Çox sağ olun, uğurlar diləyirəm.
Söhbətləşdi: Elnur Eltürk www.gunaz.tvBu haber 339 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||